personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
12
aprel

Sibir qoruqları. 1-ci hissə

Təbiətin yaşadığı, xüsusilə mühafizə olunan Sibir ərazilərində nə qədər maraqlı şeylərin saxlandığı haqqında fəsil...

Şəhərdən sonra nəfəs almaqdan doya bilməyəcəyiniz şəffaf hava, əzəmətli nəhəng dağlar, gözəlliyi ilə cəlb edən iynəyarpaq meşələr vadiləri, yeri başdan başa örtən müxtəlif otlardan xalçalar, parlaq firuzəyi dağ gölləri və onlarda əks olunan dağ zirvələrinin şiş ucları, çayların, şəlalələrin nəğmələri ilə bəzənmiş sükut və quşların çoxsəsliliyi... bunların hamısı Sibir qoruqlarıdır!

Vəhşi təbiətə dəyər verənlər üçün Sibir özündə bir çox möcüzəvi yer saxlayır - onun ərazisində 22 qoruq yerləşir, və onların hər biri gözəl və misilsizdir.

Ən köhnə qoruqlardan biri - Barquzin qoruğudur, Baykal gölünün şimal-şərq sahilində yerləşir. Barquzin, bu ərazilərdə əsən güclü şərq küləyinin adıdır. Qoruq 1916-cı ildə samurların sayını qorumaq məqsədilə yaradılmışdır. Bugün qoruğun ərazisində 400 000-dən çox samur, həmçinin 40 növdən çox digər məməlilər yaşayır, onların arasında canavar, tülkü, qonur ayı, sığır və dovşan yer alır. Qoruğun əsas təbii abidələri - Şumilixa çayının vadisi və dağ gölləri, Şumilixada şəlalə, mənzərəli Valukan burnu və sahillərində çoxlu sayda nadir bitkilərin rast gəlindiyi Cənubi Birikan çayıdır.

Orta Sibir yaylasının şimal-qərb hissəsində yerləşən Putorana qoruğunda Rusiyanın ən hündür şəlaləsi olan Talnikovıy şəlaləsi yerləşir - 700 metr əzəmət və gözəllik. 2010-cu ildə qoruq UNESCO-nun Ümumdünya təbii irsi siyahısına daxil edilmişdir. Bir zamanlar burada vulkan yerləşirdi, bugün isə bura bütün ölkə ərazisindən alimlər və turistlər gəlir. Sərbəst şəkildə qoruğa gəlməyə icazə verilmir: turistləri Norilskdən gətirirlər, qışda - qar skuterlərində, yayda isə - çay üzrə. Ən qoçaqları üçün burada yayla üzərində helikopter turları keçirilir. Xüsusi mühafizə obyektləri sırasına qırmızıdöş qaz, berkut, şunqar, ağquyruq dəniz qartalı, kiçik qu quşları daxildir. Turistlər tərəfindən çox sevilən Vivi gölü də qoruqda yerləşir: o, öz gözəlliyi ilə heyrətləndirir və onun diqqətəlayiq cəhətlərindən biri də odur ki, gölün cənub-şərq sahili Rusiyanın coğrafi mərkəzi kimi müəyyən edilib.

Altay qoruğunun ərazisində məşur Teletskoye gölü yerləşir - Rusiyada və dünyada ən dərin göllərdən biri. Qoruq 1932-ci ildə gölün və ovluq heyvanarın mühafizəsi üçün yaradılmışdır. Burada şəffaf göllər uca dağlar və alp çəmənlikləri ilə qonşuluq edir, tayqa isə - tundra ilə. Bu möcüzəvi yerdə bir çox flora və fauna növləri qalıb. Burada Qırmızı kitablara daxil edilmiş və ya tükənməkdə olan misilsiz bitkiləri görmək olar - altay rəvəndini, sibir kandıkını, asiya üzgəcotunu. Burada şimal maralları, irbislər, vəhşi marallar, sibir geyikləri (qabarğa, müşk maralı) yaşayır və yayılma sahələrini artırır.

Altay respublikasının daha bir diqqətəlayiq məkanlarından biri də Katun qoruğudur - Altayın ən yüksək dağlıq hissəsi olan Katun sıra dağlarında yerləşir. Qoruğun əsas su damarı Katun çayıdır, bu çay Sibirin ən yüksək zirvəsi olan Beluxa dağının cənub yamacında başlayır. Qoruq zonası misilsiz fauna ilə fərqlənir: onun ərazisində təxminən 55 növ heyvan yaşayır, onların arasında - nəsli tükənməkdə olan irbislər. Qoruğun öz əntiqə bitkisi də var - Revyakina qalxanotu - bənövşəyi çiçəklərinə görə asan tanınan, qalın gövdəli çoxillik bitki. Qoruğun daha bir təbii sərvəti onun gölləridir, onların sayı 135 yaxındır.

Görünür ki, Pribaykalye landşaftlarının bütün çoxşahəliliyi Baykal gölünün cənub sahilində və Xamar-Daban sıra dağlarının mərkəzi hissəsində yerləşən Baykal qoruğunda birləşib. Bu ən böyük qoruq çox gözəldir. İynəyarpaqlı və yarpaqlı meşələr 300 növdən çox heyvanların evidir: burada qonur ayılar, canavarlar və tülkülər, qabanlar, sığırlar, şimal və nəcib marallar, sibir cüyürləri, samurlar, gəlinciklər, qaqumlar, sibir porsuqları, susamurları, dovşanlar, sincablar, burunduqlar, sibir köstəbəkləri, qonurdişlər və tarla siçanları yaşayır. Qoruqda Qırmızı kitaba salınan 20-dən çox flora növü mövcuddur, onların arasında - çəhrayi rodiola, hamar süsən gülü, başlıqlı neottianta. Baykalın bütün bənzərsiz təbiətini xüsusi ilə təchiz edilmiş turist cığırları üzrə ekskursiyalar zamanı seyr etmək olar.

Baykalın qərbi sahilində Baykal-Lena qoruğu yerləşir - burada Rusiyanın ən uzun çayı olan Lena çayı başlayır. Qoruq vəhşi təbiətin gözəlliyi və tamamilə sivilizasiyanın olmaması ilə cəlb edir. Əraziyə yalnız su üzərindən varmaq olar, və, bəxtiniz gətirsə, baykal nerpasını görə bilərsiniz. Lakin, qoruğun rəmzi qonur ayı sayılır - tayqanın sahibinə burada insandan çox rast gəlmək olar. Qoruq 1986-cı ildə baykalşünasların təşəbbüsü ilə yaradılmışdır və böyük sayda heyvanlar - samurlar, susamurları, müşk maralları, vəhşi şimal maralları və sığırlar üçün rezervat kimi xidmət göstərir, bu ərazilərdə sərbəst şəkildə nəcib marallar - izübrlar gəzişir.

Baykalın şərqi sahilində Zabaykal milli parkı yerləşir, o, 1986-cı ildə göl hovuzu təbii kompleksinin qorunub saxlanması məqsədilə yaradılmışdır. Parka Svyatoy Nos yarımadası, Uşkan adaları - Qırmızı kitaba daxil baykal nerpasının sevimli məkanı, və Çivırkuy körfəzi daxildir. Parkın müxtəlif guşələrinə ekoloji cığırlar vasitəsilə varmaq olar. Qoruğun ərazisində sibir qara şamı, sibir sidr ağacı və adi şam bitir. Parkda bitən bitkilərin 20 növündən çoxu RF Qırmızı kitabına daxil edilib. Parkın adəti sakinləri arasında - ayılar, sığırlar, qaqumlar, ondatralar, samurlar, nəcib marallar var. Qeydiyyata alınmış quşların 19 növü Qırmızı kitaba salınıb - ağquyruq dəniz qartalı, adi yapalaq, qara leylək, balıqlardan isə - baykal nərə balığı.

Zabaykal diyarı DaurSoxondin kimi qoruqlar ilə öyünə bilər, onlar öz miqyasları, çöllərinin əzəməti və böyük sayda gölləri ilə heyrətləndirir. Daur qoruğunun vizit kartı olan Torey gölləri bənzəri olmayan qanadlıların - qara və daur durnasının, dovdağın, quruburunun və relikt qağayının xilas edilməsində vacib rol oynayır.

Soxondin qoruğu Xentey-Çikoy yaylasının yüksəkliklərində yerləşir. Rezervatın mərkəzində Soxondo dağ massivi - Zabaykalyenin ən yüksək və gözəl zirvələrindən biri yerləşir. Maraqlıdır ki, dağ qovşağında müxtəlif, daha dəqiq desək, Sakit və Şimal Buzlu okeanların hovuzlarına aid çaylar başlayır. Qoruğun mənzərəli yeri - Bukukun gölüdür, o, dəniz səviyyəsindən 1884 metr hündürlükdə Bukukun çayının yuxarılarında yerləşir. Göldə lenok balığı yaşayır, tünd rəngi və xırda ölçülərinə görə onu xüsusi endemik irqə aid edirlər. Bu balığın kürü tökməsi tez-tez gölün sahillərinə qonur ayıları cəlb edir.

Biz Sibir qoruqları və onların xüsusiyyətləri haqqında növbəti məqalələrdə danışacayıq.

Hələlik isə xatırlatmaq istəyirik ki, qoruqlar xüsusi şəkildə mühafizə olunan ərazilərdir. Onları ziyarət etməzdən ümumi qaydaları öyrənməyə çalışın - sadə tövsiyələrə riayət etmək, vəhşi təbiətin gözəlliyini qorumağa, yerli sakinlərin həyatını pozmamağa kömək edəcək və səyahətinizi maraqlı və təhlükəsiz edəcək.

Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]