Mixaylovskoye kəndinə sürgün zamanı mənzərələrdən ilhamlanan məşhur şair "Orada, naməlum yollarda misli görünməmiş heyvanların izləri var..." sətirlərini yazmışdı. Amma bu misraları təbiət varlıqları arasında ən gözəllərini qoruyan Sibir qoruqlarına da aid etmək olar. Burada rabitə yoxdur, nəqliyyat hər yerdə çalışmır, lakin bu heç lazım da deyil - buraya təbiət ilə baş-başa qalmaq, təmiz hava ilə ciyərdolusu nəfəs almaq, mənzərələrdən zövq almaq və daha öncə insan ayağı dəyməmiş cığırlar boyu gəzmək üçün gəlirlər. Sizə xəyalən təbiətin nağıl dünyasına baş vurmağa və Sibirin ən böyük qoruqları boyu gəzintini davam etməyə təklif edirik.
Krasnoyarsk diyarının Dikson rayonunda, Taymır yarımadasının ərazisində Rusiyanın ən böyük, sahəsi 4 milyon hektardan çox olan Böyük Arktik qoruğu yerləşir. O, misli olmayan ekoloji sistemlərin saxlanması məqsədilə yaradılmışdır. Rezervata yeddi sahə daxildir, bu sahələr Şimal Buzlu okeana aid iki dənizin suları ilə yuyulur - Kara dənizi və Laptevlər dənizi. Qoruq aysberqləri ilə - nəhəng buzlaq parçaları ilə heyrətləndirir, bu parçalar, su altında gizlənərək, bizə öz həcmlərinin yalnız ondabir hissəsini göstərir. Burada Qırmızı kitaba daxil ağ ayılar və lemminqlər yaşayır, qoruğun rəmzi isə ağ qağayı hesab edilir - o, qütb dairəsini heç vaxt tərk etmir. Turistlərdə Diksonda yerləşən Barens biostansiyası xüsusi maraq oyada bilər, burada dəbdə olan ekoturizm növünü sınamaq olar - birdwatching (quşları müşahidə etmək). Dikson yer üzündə ən şimal yaşayış məntəqələrindən biridir.
Qonşuluqda, Taymır yarımadasının Xatanq və Dikson rayonlarının ərazisində Taymır qoruğu yerləşir, o, 1979-cu ildə Arı-Mas və Lukunski sahələrində tundra ekosistemlərinin və meşə massivlərinin mühafizəsi üçün yaradılmışdır. Burada Uzaq Şimalın gözəlliyi öz ilkin mahiyyətini saxlayıb, bu səbəbdən sərt iqlimə sahib daimi don ərazisi, bu sonsuz ənginlikləri və möhtəşəm qütb şəfəqini görməyə tələsən alimləri də, turistləri də özünə cəlb edir. Qoruq dağlı-vadili landşaftı ilə fərqlənir, onun ərazisində Rusiyanın arktik hissəsinin ən böyük gölü olan Taymır gölü yerləşir. Buranın çaylarında və göllərində 20 növ balıq var - siqi, qızılbalıq, omul, yayın balığı, keta, bel balığı. Rezervat, Qırmızı kitaba daxil müşk öküzü, morj, ağ ayı kimi heyvanlar üçün etibarlı sığınacağa çevrildi. Qoruq, sayı 410 min fərddən çox olan vəhşi şimal maralının ən böyük populyasiyası ilə məşhurdur. Qonaqlara mütləq şəkildə Arı-Mas meşəsini, mamont muzeyini ziyarət etmək və it qoşumu ilə ekskursiyaya getmək tövsiyə edilir.
Qərbi Sibirin ən şimal hissəsində, Tümen vilayətində Qdansk qoruğu yerləşir, o, 1996-cı ildə Kara dənizinin ətrafındaki ekosistemlərin tədqiqi üçün yaradılmışdır. Həddindən artıq nəmlənməyə və az istiliyə görə qoruqda sıx göllər və çaylar zənciri yaranıb. Qoruq arktik tundra sahəsində yerləşdiyinə görə, bitkilər aləmi burada çox qıtdır, amma heyvanlar aləmi müxtəlifliyi ilə heyrətləndirir. Burada Qırmızı kitaba salınan atlantik morja və ağ ayıya rast gəlmək olar, vəhşi şimal maralları isə balalarını burada dünyaya gətirir. Göllərdə ağ balina və halqaşəkilli suiti yaşayır. Qoruq 180 növ quş (qırmızıdöş qaz, laçın, ağquyruq dəniz qartalı, kiçik qu quşu) və 60 növ balıq (omul, kerçak, sibir siqi, çir, nelma) üçün sığınacaq kimi xidmət göstərir. Qoruq öz arktik mənzərələri ilə heyranlıq doğurur.
1987-cü ildən bəri UNESCO qərarı ilə biosfer rezervat elan edilən Mərkəzi Sibir qoruğu Krasnoyarsk diyarının miknətidir. Onun fərqli cəhəti odur ki, o, Yenisey çayının hər iki sahilində yerləşir, bitkilər və heyvanlar aləmlərinin, həmçinin möcüzəvi landşaftların müxtəlifliyi də bu səbəbdəndir: çayın sol sahilində - bataqlıqları və sıx meşələri ilə Qərbi Sibir düzənliyi, sağ sahilində isə - qayalıqları və dağlıq tayqası ilə Mərkəzi Sibir yaylası yerləşir. Qoruqda yaşı 1 min il və gövdəsi 2-2,5 insan qucumu olan qara şam ağacları və nadir soğancıqlı kalipso çiçəyi bitir. Burada gündüz kəpənəklərinin 65 növü qeydə alınıb, ayılar, samurlar, sığırlar, şimal maralları və qiymətli balıq növlərinə aid olan nərə, çökə, lenok balıqları yaşayır. Qoruğun bənzərsiz təbii abidələrinə Sulomay Sütunlarını - 150 m yüksəklikdə dağ yamacları və qəribə görünüşə və formalara malik qayalı bazalt sütunları olan təxminən 500 m uzunluğunda nəhəng kanyonu - aid edirlər.
Krasnoyarsk diyarının cənubunda, Yenisey çayının sol sahilində olduqca gözəl Sayano-Şuşensk qoruğu yerləşir - sibir tayqası əzəmətinin bütün şöhrəti və gözəlliyi ilə təqdim olunduğu bir məkan. Qoruq ərazisinə Qərbi Sayanın bir hissəsi, Xemçik dağ ətəyinin şimal makroyamacı və mənzərəli fiordları ilə Sayan kanyonu daxildir. Qoruğun vizit kartı - eni 2 km olan, olduqca çox əyilən su "yolları" və hündürlüyü 2000 metrdən çox olan dağlardır, bu dağlarda qoruğun gözə görünməyən əsas sərvəti yaşayır - irbis, bugünkü günə - 12 fərd. Burada 100-dən çox heyvan növləri yaşayır: marallar, dağ keçiləri, sibir müşk maralları, sığırlar, cüyürlər, canavarlar, xırda xəzdərili heyvanlar və 300-ə yaxın quş növü, o cümlədən, Qırmızı kitaba salınan qara leylək, ular, ağquyruq dəniz qartalı, laçın. Əsas ərazini sidr meşələri tutur, lakin şam, ağ şam, qara şam, küknar ağaclarına da rast gəlmək olar, vadilərdə isə üvəz (quşarmudu), gəndəlaş, qarağat, mərcangilə, əsməqovaq və meşəgilası bitir. Vəhşi təbiətə qiymət verənlər üçün cənnət məkandır.
Biz Sibir qoruqları üzrə səyahətimizə növbəti, sonuncu məqalədə davam edəcəyik, hələlik isə xatırlatmaq istəyirik ki, hər bir qoruq üçün öz ziyarət qaydaları təyin edilib, bu səbəbdən mütləq öncədən onlar ilə tanış olun.