personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
24
iyul

Bədii ədəbiyyatda Sibirin təsviri

Keçilməz tayqa, sərt qışlar və özünəməxsus mədəniyyətlər diyarının necə güclü xasiyyətlər formalaşdırdığı və görkəmli əsərlərə ilhamlandırdığı haqqında fəsil...

Sibir Rusiya xəritəsində coğrafi sahədən daha artıqdır. Onun sərvəti bir tək torpaqlarında və ya mənzərələrində deyil, həmçinin ayrı bir təbəqə təşkil edən bədii ədəbiyyatdadır. Sibir diyarının çoxtərəfli təsviri bir çox rus və hətta əcnəbi yazıçılar üçün əsas oldu.

Təəccüblüdür ki, Sibiri dünyanın ədəbi xəritəsinə çəkən ilk şəxs ingiltərəli Deniel Defo oldu. Məşhur "Robinzon Kruzo" əsərinin ikinci hissəsində baş qəhrəman, Avropaya qayıdarkən, Sibir fəzalarından keçir. Burada o, bütpərəstlər ilə rastlaşır və az qala köçərilərin qılıncları altında həlak olur.

Rus ədəbiyyatında Sibirin rolu olduqca daha dərindir. O, ilham mənbəyi olmaqla yanaşı, vacib mədəni və tarixi anlayışa - sürgün, katorqa, ruhən dəyişmə və milli fərdiyyətin axtarışları məkanına çevrildi. Biz, Sibir diyarının bütün qüvvəti aşkar olduğu 6 əsər haqqında bəhs edəcəyik.

1. Boris Pasternakın "Doktor Jivaqo" romanında Sibir, Moskva ilə qarşı qoyulan iki təhkiyə təzadından biridir. Məhz burada baş qəhrəmanların taleləri bir-birinə qarışır.

Sibir - Jivaqo ailəsinin yurdu, onun atasının sərvəti mənbəyidir. Həmçinin bura qəhrəmanın Vətəndaş müharibəsinin fəlakətlərindən qaçdığı bir sığınacaqdır. Öncə həyat yoldaşı, sonra isə Larisa ilə o, müvəqqəti olaraq Varıkinoda məskunlaşır - qarlaq və meşələr arasında dinclik tapmaq ümidilə. Laranı özünə inandırıb Uzaq Şərqə aparmaq üçün hiyləgər Komarovski məhz buraya gəlir. Onun sözlərinə görə, Sibir "yeni Amerika", "əzəmətli rus gələcəyinin beşiyidir". Sibirin sərhədsiz imkanlar diyarı kimi bu təsviri Yuri Jivaqonun anlayışı ilə ziddiyyət təşkil edir, Jivaqo üçün bura - sakit bir limandır.

2. "Çar-balıq" əsərində Viktor Astafyev Sibiri canlı, ruha sahib olan bir varlıq kimi tərənnüm edir. Onun hekayələrinin qəhrəmanları tayqa sakinləridir - həyatları ətraf mühitdən ayrılmaz olan insanlar. Lakin, onların təbiətə olan münasibətləri fərqlənir. Bir hissəsi, əsl Sibir övladları kimi, onu sevir və qoruyur, onda həyatın və ruhi gücün mənbəyini görür. Digərləri isə onu sadəcə varlanmaq üçün bir ehtiyat olaraq istifadə edirlər.

Balıqçının nəhəng bir nərə balığı - Çar-balıq ilə görüşü haqqında əsas hekayə parlaq bir metaforaya çevrilir: təbiət günahlara görə qisas alır, və, ona zərər verməklə, insan öz ruhunu da məhv edir. Astafyev Sibiri kövrək bir orqanizm, hörmət tələb edən bütöv bir dünya kimi təsvir edir.

3. Vasili Şukşinın qələminə aid "Lyubavinı" romanı oxuyucunu 1920-ci illərin Altayına aparır. Burada Sibir ucqar, bütün dünyadan qapalı bir kənddir, onun özünə məxsus meyillikləri və düşkünlükləri var, və burada yeni sovet qaydaları köhnə, patriarxal Rusiyanın quruluşu ilə toqquşur.

Süjetin mərkəzində varlı kəndli Yemelyan Lyubavinin ailəsi ilə müəllim qiyafəsində kəndə gələn çekistlər Rodionovlar arasında baş verən qarşıdurma dayanır. Şukşin yalnız ictimai münaqişəni deyil, həm də Sibir xarakterinin gücünü göstərir. Lyubavinlər qaraqabaq, ehtiraslı və heç kimin qarşısında əyilmək istəməyən insanlardır. Onlar bu diyarın vəhşi, ram edilməz gücünün təcəssümüdürlər. Təbiətin, dağların və Katun çayının gözəl, canlı təsvirləri Sibiri sadəcə hadisələrin fonuna deyil, onların tamhüquqlu iştirakçısına çevirir.

4. Vyaçeslav Şişkovun "Uqryum-çay" roman-epopeyası XIX–XX əsrlərin qovşağında "qızıl hərisliyi" dövrünün Sibirini təsvir edir. Süjetin mərkəzində Qromovlar sənayeçi ailəsinin bir neçə nəslinin taleyi dayanır.

Baş qəhrəman Proxor Qromovun timsalında müəllif Sibir təbiətinin insanlar tərəfindən ram edilməsi tarixini izləyir. Uqryum çayı (timsal - Aşağı Tunquska çayıdır) burada əyilməz, təhlükəli, lakin zəngin Sibirin rəmzidir. Romanda təbiət canlıdır: o, müqavimət göstərir, qəhrəmanları sınağa çəkir, lakin zamanla vəhşi haldan nizamlı hala keçir və insana xidmət etməyə başlayır. Ekspedisiyalarda şəxsən iştirak etmiş Vyaçeslav Şişkov qızıl sənayeçilərinin həyatını və adətlərini böyük dəqiqliklə təsvir edir, həmin dövrün Sibir həyatının bütün çoxşaxəli mənzərəsini əks etdirir.

5. Anton Çexovun "Sibirdən" oçerkləri yazıçının 1890-cı ildə Saxalinə etdiyi səfərin canlı salnaməsidir. Burada müəllif Sibir haqqında formalaşmış təsəvvürün ikili mahiyyətini göstərir.

Bir tərəfdən, Sibir sərt şaxtalar, katorqa və sürgün diyarıdır. Çexov yolun əvvəlində ağır həyat şəraitlərini və sərt təbiəti təsvir edir. Digər tərəfdən isə Sibir sonsuz fəzalar, azad bir diyar və gücü və cazibəsi hədsiz-bucaqsızlığında olan, insan əli dəyməmiş təbiət deməkdir. Yazıçı sibirlilərin dürüstlüyünü, xeyirxahlığını və özünəməxsus məişət mədəniyyətini böyük hörmətlə qeyd edir. Onun oçerkləri bölgəni bütün mürəkkəbliyi və ziddiyyətləri ilə, bəzəksiz şəkildə göstərən nadir bir sənəd hesab olunur.

6. Aleksey Çerkasovun "Mayaotu" romanı ("Tayqa adamları haqqında rəvayətlər" trilogiyasının ilk hissəsi) oxucunu başqa bir Sibir ilə tanış edir və onu Sibirin köhnə ayinçilərinin dünyasına aparır.

Dekabristlər üsyanından sonra başlayan hadisələr ziyalı miçman Loparevi qoca Filaretin icmasında hökm sürən orta əsrlərə xas həyat tərzi ilə üz-üzə gətirir. Burada Sibir Pyotrdan əvvəlki qədim Rusiyanın sərt qanunlarını və inanclarını qoruyub saxlayan mənəvi bir qoruq kimi təsvir olunur. Müəllif dövrün xüsusiyyətlərini, məişətini və dini həyat tərzini böyük dəqiqliklə canlandırır və bütün bunları Sibir təbiətinin füsunkar gözəlliyi fonunda təqdim edir.

Bu kitabların hər biri - keçmiş əsrlər müəlliflərinin əsərləri sayəsində səyahət etmək, bu diyarın qüdrətini və ab-havasını hiss etmək imkanıdır. Kim bilir, bəlkə də bir axşam siz də bu ecazkar diyarı — ədəbi Sibiri özünüz üçün kəşf etmək qərarına gələcəksiniz.

[}item{]